14 dekabr 2012-ci il tarixdə Xətai rayonu Y.Yusifov adına 265 №-li məktəbdə millət vəkili, yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilmiş ”Dolu” filminə baxış keçirilmişdir. Tədbirdə millət vəkilləri, yazıçı Aqil Abbas ,filmin yaradıcı heyəti, millət vəkili, yazıçı, Xətai rayon YAP təşkilatının sədri Hüseynbala Mirələmov, Xətai rayon YAP icra aparatının rəhbəri Mayıl Kərimov , Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Məmmədov, Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi Fəttah Quliyev, "Bakı Təhsili” qəzetinin müxbiri Elnarə xanım və digər qonaqlar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Y.M.Qurbanova tədbir iştirakçılarını salamlamış, Qarabağ torpaqları uğrunda gedən döyüşlərə həsr edilmiş belə filmlərin şagirdlərimizin milli ruhda böyüməsində, onlarda vətənpərvərlik hissinin daha da güclənib, inkişaf etməsində böyük rol oynadığını qeyd etmişdir. Çünki, Qarabağ müharibəsi bizim hələ də qanayan yaramız olaraq qalır və bu problemin həllində bizim hər birimizin üzərinə böyük məsuliyyət düşür. Biz arzu edirik ki, hər bir azərbaycanlının ağrılı yeri olan Qarabağ problemi tezliklə öz həllini sülhsevər prizedentimizin rəhbərliyi altında tapsın və qələbəmizlə yekunlaşan Qarabağ müharibəsi haqqında məlumatları tarixdən, dərsliklərdən şagirdlərimizə qürur hissi ilə çatdıraq.
Sonra məktəbin direktoru Y.M.Qurbanova sözü millət vəkili, yazıçı, filmin ssenari müəllifi Aqil Abbasa verdi. Aqil Abbas pedaqoji kollektivi, valideynləri, qonaqları salamladı. Məktəbin hər bir şagirdin vətənpərvər şəxsiyyət kimi formalaşmasında böyük rol oynadığını vurğuladı. Aqil müəllim tədbirə qatıldıqları üçün qonaqlara, xüsusilə öz həmkarı, millət vəkili Hüseynbala Mirələmova təşəkkürünü bildirdi. Sonra isə hamını filmə tamaşa etməyə dəvət etdi.
Filmin nümayişi zamanı zaldakı tədbir iştirakçıları böyük maraqla, həyəcanla filmdə cərəyan edən hadisələrin gedişatını izləyirdilər. Hətta filmin bəzi səhnələrinə baxanda şagirdlər və müəllimlər göz yaşlarını saxlaya bilmədilər.
Filmə baxışdan sonra millət vəkili, yazıçı Hüseynbala Mirələmov bu gözəl filmə görə filmin ssenari müəlfi Aqil Abbasa dərin təşəkkürünü bildirdi, yaradıcılıq uğurları arzuladı. Eyni zamanda filmin yaradıcı heyətinə də çəkdikləri bu filmlə zamanın nəbzini tutduqlarını söylədi. Hüseynbala Mirələmov bu filmdə baş rolda çəkilən Məmmədsəfanın yaratdığı komandir obrazının öhdəsindən müvəffəqiyyətlə gəldiyini, bu obrazın insanda mübarizlik və döyüşkənlik ruhunu daha da gücləndirib, gələcək nəslin bu torpaqları tezliklə azad etməyə səslədiyini bildirdi.
Millət vəkili Hüseynbala Mirələmovun sözlərinə görə "Dolu” filmi müharibə mövzusunda çəkilən ən yaxşı mövzulardan biri kimi tarixdə qalacaq. Film bütün tədbir iştirakçılarında kədər yaşatmasına baxmayaraq hamı tədbirdən böyük təəsüratla ayrıldı.