Xalqımızın dahi oğlu Heydər Əliyev müstəqil dövlətimizin hər bir vətəndaşı, o cümlədən gənc nəsil qarşısında mühüm vəzifə qoymuşdur: "Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir". Heydər Əliyev zəngin tariximizi öyrənməkdə, milli-mənəvi dəyərlərimizə yiyələnməkdə, azərbaycançılığı hər zaman yüksək mövqedə tutmaqda olan gənc nəslin milli ruhda tərbiyə olunmasının zəruriliyindən bəhs edərək deyirdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz". Şagirdlərin milli-mənəvi tərbiyəsi, onlarda vətənpərvərlik hissinin formalaşması, məktəbimizin qarşısında duran əsas vəzifələrindən biridir. Bu məqsədlə hər zaman məktəbdə müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də 21.05.2013-cü ildə təşkil edilmişdir. Məktəbin 8 q sinif şagirdləri sinif rəhbəri Yaqut Axundova, tarix müəllimi Elçin Mirzəbəyov, məktəbin psixoloqu Nəzakət Ağamirzəyeva ilə birlikdə Milli Azərbaycan Tarixi Muzeyinə getmişlər. Qeyd etmək lazımdır ki,Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Bu gün muzeyin müxtəlif fondlarında vətən tariximizi yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında 80 mindən artıq əsasən, XIX-XX əsrin əvvəllərində çap olunmuş nadir jurnal, kitab, və qəzetlər toplanmışdır. Muzeyin Bakının ən gözəl memarlıq abidələrindən olan binası 1895-1896-cı illərdə, o vaxtlar şəhərin baş memarı vəzifəsini daşıyan polşalı İosif Qoslavskinin layihəsinə əsasən tikilmişdi. Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkü olan bu sarayda 1920-ci ildən bəri fasilələrlə muzey fəaliyyət göstərir. 2004-2007-ci illərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstərişi və nəzarəti ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir muzey tələbləri səviyyəsində bərpa və təmir olundu. 8q sinif şagirdləri muzeyi böyük maraqla gəzmiş, Azərbaycan tarixinin müxtəlif dövrləri ilə tanış olmuşlar.
br>
|