Azərbaycan xalqı həmişə öz nəcib adət-ənənələri ilə başqa millətlərdən seçilib. Bu adət ənənələrdən biri də xalqımızın ən əziz və sevimli bayramı olan "Novruz bayramı" günlərində qocaları,xəstələri, kimsəsiz və qayğıya ehtiyacı olan uşaqları ziyarət edib, onları sevindirməkdir. Axır çərşənbə günü məktəbimizin şagirdləri bayram sovqatından xonça hazırlayıb, Xətai rayonunun ərazisində yerləşən "SOS-uşaq kəndi"ndə yaşayan, valideyn himayəsindən məhrum olan uşaqlara bayram payı apardılar. Bu gül balaların yaşaması, oxuyub yüksək təhsil alması üçün hər cür yüksək şərait vardı. Ancaq bu uşaqların daha çox valideyn məhəbbətinə, ana qayğısına, ata nəvazişinə, qohum-əqrəba sevgisinə ehtiyacları var idi. "SOS-uşaq kəndi"nin direktoru Raqib müəllim bizi uşaqlarla görüşdürdü, onların yaşayış şəraiti ilə tanış etdi. Hər otaqdakı Ana və Xala ilə söhbət edib, onların bu uşaqlara olan sevgiləri, qayğıları qarşısında baş əydilər.
|