Yeni tədris ilindən Bakı Şəhər Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən 326 orta məktəbin ibtidai siniflərində vahid məktəbli formasına keçiləcək. Ümumilikdə ibtidai sinifə 110 minə yaxın şagirdin gedəcəyi gözlənilir ki, bunun da 28 minini birincilər təşkil edir.
Bakı Şəhər Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Zəminə Əliqızının verdiyi məlumata görə, Bakı və Sumqayıt şəhərlərində təhsil alan ibtidai sinif şagirdləri üçün artıq vahid məktəbli forması hazırdır. "Hər bir məktəblinin geyiminin üzərində oxuduğu məktəbə aid loqo olacaq. Formalarda başqa heç bir fərq olmayacaq”, deyə Z. Əliqızı qeyd edib.
Yuxarı sinif şagirdləri isə vahid məktəbli geyimi ilə 2011-ci tədris ilindən təmin olnacaqlar. Təhsil idarəsinin əməkdaşı hələlik bu prosesin şəhər məktəblərində tətbiq edildiyini, yaxın vaxtlarda vahid məktəbli formasının respublika məktəblərinə də şamil ediləcəyinin deyib.
Məktəbli formasının sifarişi ilə bağlı Bakı Tikiş Evi (BTE) ASC-də qızğın iş gedir. Gücləndirilmiş iş rejiminə keçən tikiş evi 650 nəfərlik işçi heyəti ilə çalışır. Tikiş Evinin sədri Fədai Rəhimovun ANS TV-yə verdiyi məlumata görə, məktəbli formalarının eskizlərinin müəllifi də tikiş evinin dizaynerləridir. Burada geyimlər xüsusi diqqətlə tikilir. Məsələn ətəklər müasir dəblə uyğunlaşdırılıb, geyimlərin düymələrində BTE-nin emblemi öz əksini tapıb. Parçalar da xüsusi həssaslıqla seçilib və Türkiyədən gətirilib.
"Vahid geyimə pencək, ətək (şalvar), köynək daxildir. Dəstin qiyməti 35 manat təşkil edir. Qış aylarında bu dəstə jilet də əlavə olunur ki, bunun da qiyməti 5 manatdır”.
BTE-nin rəhbəri valideynlərin geyimləri yalnız tikiş evinin satış mərkəzlərindən və məktəblərdən əldə edə biləcəyini qeyd edib. Fədai Rəhimov artıq yuxarı siniflər üçün də geyim forması seçiminə başlanıldığını vurğulayıb. Onun sözlərinə görə, Türkiyədən bir neçə model gətirilib. Təxminən 10 modelə baxış keçiriləcək, sonra isə tikişə başlanılacaq.
Xatırladaq ki, vahid məktəbli formasına keçidlə bağlı qərar Bakı Baş Təhsil İdarəsinin paytaxt məktəbləri arasında keçirdiyi sorğunun nəticəsinə uyğun olaraq verilib